Poliqlotlar
dünyada ən çox maraq doğuran adamlardan sayılırlar. Tarixdə 100-dən
artıq dil bilən poliqlotlar olub. Belələri Azərbaycanda da var.
Lakin
onlara diqqət yetirən, onları ictimaiyyətə tanıdan tapılmır. Belə nadir
mütəxəssislərdən biri Azərbaycan vətəndaşı, 29 yaşlı İbrahim
Cəfərovdur. Onunla söhbətin oxucular üçün maraqlı olacağına əminik.
- İbrahim, çox sayda dil öyrənmək həvəsiniz nə zaman və nədən qaynaqlandı?
-
Uşaqlığım Yəməndə keçib, həm də qonşular arasında müxtəlif millətlərin
nümayəndələri var idi. Məsələn, bir dəfə qaraçıya pul vermişəm ki, mənə
həmin dildən bəzi şeylər öyrətsin. Mənim xahişimi eşidən həmin qaraçı
xeyli təəccüblənmişdi. Universitetə daxil olandan sonra başqa dilləri də
öyrənməyə maraq yarandı.
- Harda ali təhsil almısınız?
-
Nizami rayonu, 62 nömrəli orta məktəbdə təhsil almışam. Bakı Slavyan
Universitetinin rus dili və ədəbiyyatı, filologiya fakültəsini
bitirmişəm.
- Hazırda neçə dil bilirsiniz və hansı səviyyədə?
-
60-a yaxın dil bilirəm.10-a yaxın dildən aktiv və praktik şəkildə
yararlanıram. Qısa müddətdə təkrarladıqdan sonra 10 dildə danışmağı
bacarıram, digərlərini passiv və ya nəzəri səkildə bilirəm. Britaniyalı
linqvist Riçard Handsonun klassifikasiyasına görə, “hiperpoliqlot” o kəs
hesab edilir ki, müstəqil şəkildə minimum 6 dil bilmiş olsun. İnsanlıq
tarixində isə bu cür nümunələr yetəri qədər çoxdur.
- Yaxşı və orta səviyyədə bildiyiniz dillər hansılardır?
-
Doğma azərbaycancadan başqa rus, ingilis, fransız, ispan, ərəb, alman,
italyan, fin, norveç dillərini. Orta məktəbdə rus, fars, ingilis dilini
keçmişəm. Qalanlarını sonradan özüm öyrənmişəm.
- İndiyə kimi harda işləmisiniz, hansı layihələr və ya proqramlarda calışmısınız?
- Müxtəlif QHT-lərdə fəaliyyət göstərmişəm, şəxsi dil kursum olub, fərdi dərs keçmişəm.
- Sərfəli iş təklifləri alıbsınızmı?
-
İsa peyğəmbər demiş, qapıları döyün, açılacaq. Çox marağında olmamışam.
Təkliflər olub, hətta bir dəfə aylıq 1000 manat maaşlı işdən imtina
eləmişəm.
- Uşaqlığınız Yəməndə keçib, ordan hansı təəsüratlarınız olub?
-
Baxmayaraq ki, orada uşaqlıq illərim keçib, əksər hadisələr hələ də
xatirimdədir. Elə bəlkə orada yaşamağımız dilləri öyrənməyimə bir təkan
olub. Sovet İttifaqının müxtəlif ölkələrindən olan insanlar hərəsinin
müxtəlif dillərdə danışması və sair... Həm də binamızda müxtəlif
millətlərin nümayəndələri yaşayıb.
- Daha asan və daha çətin öyrəndiyiniz dillər hansıdır?
-
Dillərin hamısı asandır. Dilləri gec və tez qavrayan insanlardır. Mənim
fikrimcə, rus və ərəb dilləri çətin dillərdir. Asan dillərə isə
indoneziya dilini aid etmək olar.
- Mütəxəssislər deyir ki, insanda dil öyrənmə istəyi varsa, buna erkən yaşdan başlamalıdır. Doğrudurmu?
-
Səhv fikirdir. Əsas dili öyrənmək üçün ayrılmış vaxtdır. Həmin vaxtdan
səmərəli istifadə edildikdə bir dildə əsas fikirləri ifadə etməyə 1-2
aylıq müddət kifayət edir. Yəni bu halda öyrənmə asan, dili yenidən
xatırlama isə çox çətin, hətta sanki yenidən dili öyrənirsənmiş kimi ola
bilər.
- Çox dil bilmək dilləri qarışdırmağa səbəb olmurmu?
-
Yox. Bu, sadəcə, dillərin unudulmasına gətirə bilər. Ona görə də gərək
hansısa dili öyrəndikdən sonra ən azı həmin dildə kitab oxuyasan, radio
verilişlərə qulaq asasan, yoxsa öyrəndiyini unudacaqsan. Dillərin
muqayisəsi və tədrisi metodikasinda bu daha qabarıq bilinir.
Araşdırmalara
görə, gündəlik ünsiyyətdə biz maksimum 3500 söz işlədirik. Bu o qədər
də çox deyil. Böyük dil lüğətində rus dilində olan ümumi söz sayı
131257-dir. Hesab etsək ki, dünyada 1 milyard insan 2 dilə sahib formada
doğulur, o zaman qorxulu və ya təəccüblü heç nə yoxdur.
- Bu qədər dil bildiyiniz halda sizə iş təklifləri olmurmu?
-
Əsasən tərcüməçi kimi tələbat olur. Bir neçə dildən tərcüməni
bacaranlar qiymətli mütəxəssis sayılırlar. Dillərin müqayisəsi və
tədrisi metodikasinda bu, daha qabarıq bilinir.
- Hansı dili öyrəndiyinizə görə daha çox sevinmisiniz?
-
Elə bir fərq gürmürəm. Amma bəziləri var ki, səslənişi çox xoşuma
gəlirdi - bunlara norveç, fin, italyan, ispan dillərini aid etmək olar.
Məncə, hər dil gözəldir - amma Azərbaycan dili daha gözəl səslənişə
malikdir. Bunu hətta mənim xarici dostlarım da etiraf ediblər.
- Hansı dili daha rahat, daha zəngin, daha ifadəli saymaq olar?
-
Rus dilini. Bilmirəm, bu bəlkə də rus dilinə daha çox bağlı
olmağımdandır. Ümumi götürsək, hər dil zəngindir, sadəcə bu, həmin dilin
imkanlarından nə dərəcədə istifadə edəcəyimizdən asılıdır.
Mənə
görə çətin dil yoxdur. Hətta Afrika xalqlarının, eləcə də Çin və yapon
dillərini asanlıqla öyrənirəm. Hər zaman çalışıram dilləri təkrarlayam
ki, yaddan çıxarmayım.
- Çox dil bilməyiniz başqaları
tərəfindən necə qarşılanır? Bəzən poliqlot insanlara casus da deyirlər.
Xüsusilə, erməni dilini bilənlərə...
- Mənə insanlar
dərhal maraqla muxtəlif suallar verməyə baslayırlar müxtəlif dillərə
aid. Erməni dilini öyrədənlər isə bəli, bir muddətdən sonra imtina
ediblər hətta. Amma mən bu dillə bağlı bəzi qaranlıq məqamları açmağa
ümüd edirəm. Və düşmən dilini bilməyi çox vacib sayıram.
- Əcnəbi dili öyrənmək üçün vəsaitləri necə və hardan əldə edirsiniz?
-
Əsasən internetdən və kitabxanadan. Bundan başqa, xarici vətəndaşlarla
canlı ünsiyyət qurmağı üstün tuturam. Bu, dilləri praktik şəkildə
öyrənməyə, həm də yeni dost qazanmağa daha çox imkan verir. Bəzən
dostlarım mənə kitablar hədiyyə edirlər.
- Bir sıra fərqli istiqamətlərdə layihələriniz və elmi işləriniz olduğunu eşitmişik, bu haqda bir az danışa bilərsinzmi?
-
Elmi çalışmalarım dillərin müqayisəsi ilə bağlıdır. Ən maraqlılarından
biri german dillərində, xüsusilə ingilis və norveç dillərində türk
mənşəli qədim kökə malik sözlər tapmağımdır. Hazırda müqayisəli
tədqiqatlar üzərində işləyirəm, bu, çox çətin iş olsa da, həddən artıq
maraqlıdır. Özümü yeni ölkə kəşf etmiş dənizçiyə bənzədirəm. Yeniliklər
əldə etdikcə, işləmək həvəsim artır.
- Elmi işlərinizi niyə ortaya çıxarmırsınız?
-
Bir elmi işim daha çox marağa səbəb olub. Bizim alimlərdən biri təkid
etdi ki, bu, elmdə yenilikdir, gəl bunu müdafiə et. Lakin bəzi
səbəblərdən təxirə saldım. Yaxında bunu edəcəyəm.
- Hansı ölkələrin mətbuatını izləyirsiniz, hansı dildə daha çox kitab, məqalə, elmi əsər oxuyursunuz?
- Əsasən rus və ingilis dilli mətbuatı. Digər dilləri də unutmuram.
- Öyrəndiklərinizi praktikada tətbiq etməkdə çətinlik çəkirsinizmi?
- Bir sıra xarici dillər üzrə tələbə hazırlayıram. Bəzi tələbələrim artıq dil kurslarında müəllim kimi çalışırlar.
- Vaxtınızı daha çox nəyə sərf edirsiniz, hobbiniz nədir?
-
Kitab oxuyuram. Yoqa ilə məşğulam. Səyahət etməyi çox sevirəm. Ən böyük
arzum dünya ölkələrini gəzib həmin dilləri praktik şəkildə tətbiq
etməkdir. İnanıram ki, bu, məndə dillərə qarşı marağı daha da artırar.
- Hansı ədəbiyyatı daha çox oxuyursunuz? Klassik, yoxsa müasir? Elmi-texniki, yoxsa bədii?
-
Daha çox elmi-texniki ədəbiyyat oxuyuram. Ensiklopediyaları sevirəm.
Əvvəllər bir günə 1000 vərəqlik kitab oxuyurdum. Son vaxtlar elektron
kitablarla da çox məşğul oluram. Amma gərək eynək yazdırım, gözüm
zəifləyib. Klassik ədəbiyyat təbii ki, daha maraqlıdır. Milli
Kitabxanada vaxtilə çox məşhur olmuşam, elə kitablar oxuyurdum ki,
onları ilk dəfə elə mən sifariş verirdim. Məndən bezmişdilər.
- Yoqa təlimi ilə necə tanış olmusan və hansı praktika tətbiq edirsən?
-
Yoqa ilə tanışlığım kitablardan olub. Özüm və yaxınlarım müəyyən
xəstəliklərin sağalmasında real köməyini görmüşük. Əsasən xatxa-yoqanı
tətbiq edirəm, bu isə bilavasitə sağlamlığın qorunmasına yönəlmiş
hərəkətlər kompleksidir.
shebeke.az