“Çiçəkli qız” 150 min dollara satılacaq
14.8.2013

ABŞ-da hərracda məşhur Britaniyalı küçə rəssamı Benksinin çəkdiyi “Çiçəkli qız” qraffiti satışa qoyulacaq.

Rəsm 2008-ci ildə, Los Ancelesdə benzindoldurma məntəqələrindən birinin divarına çəkilib. 5 dekabrda keçiriləcək hərracı “Juliens Auctions” hərrac evi həyata keçirəcək. Ekspertlər bildirirlər ki, rəsm ən azı 150 min dollara satılmalıdır. Qraffitidə böyük çiçəyin qarşısında durmuş qız çəkilib. Amma gövdənin üzərində çiçək yerinə müşahidə kamerası təsvir edilib. Şəkil qara rənglə çəkilib. Rəsmin çəkildiyi yer fiziki şəxsə məxsus olduğu üçün Benksinin özünə işindən heç bir gəlir düşməyəcək. Şəkli hərraca qoyan şəxsin adı isə naməlumdur.

Qeyd edək ki, Benksinin qraffiti ilk dəfədir ki, ABŞ-da hərraca qoyulur. Benksi özü isə heç vaxt publika qarşısında görünməyib. Rəssam adətən gecələr işləyir və rəsmlərini müxtəlif yerlərdə çəkir.

publika.az