Səkkiz rayonun qaz təchizatında məhdudiyyətlər olacaq
16.8.2013

Bu gün Xəzər, Abşeron, Quba, Xətai, Tərtər, Binəqədi, Suraxanı və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Fasiləyə səbəb təmir işlərinin aparılmasıdır.

Belə ki, saat 18:00-dək Dilman-Şərədil xətti istisna olmaqla “Şamaxı” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Quba” Qazpaylayıcı Stansiyasında, “Hövsan” Qazpaylayıcı Məntəqəsindən Hövsan qəsəbəsinə gedən qaz kəmərində, “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Eyni zamanda, saat 15:00-dək “Tərtər” Qazpaylayıcı Stansiyasından qidalanan “Tərtər” ölçü qovşağında, saat 16:00-dək “Türkan-1” Qazpaylayıcı Stansiyasından Türkan qəsəbəsinə gedən qaz kəmərində, saat 17:00-dək “Yeni Binə” Qazpaylayıcı Stansiyasından Binə qəsəbəsinə gedən qaz kəmərində, “Zığ” Qazpaylayıcı Stansiyasından qidalanan 273 mm-lik yeraltı orta təzyiqli qaz kəmərində, saat 19:00-dək isə “Bolqarıstan” Qazpaylayıcı Stansiyasından qidalanan “Bolqarıstan sovxozu” ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba rayonuna, Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə, Xəzər rayonunun Binə, Türkan qəsəbələrinə, Xətai rayonunun Əhmədli qəsəbəsinin bir hissəsinə, Suraxanı rayonunun Hövsan qəsəbəsinə, Tərtər rayonunun bir hissəsinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, 6,7,8 və 9 mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.


Gün.Az