Lənkəranda yaşıl çayın yeni növlərinin yetişdirilməsinə başlanılıb
19.8.2013

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çay və sitrus bitkiləri filialında yaşıl çayın yeni növlərinin yetişdirilməsinə başlanılıb.

Əldə olunan yeni növləri cənub bölgəsindəki plantasiyalarda becərməyə başlayan fermerlər bildiriblər ki, bu növlər məhsuldarlığı və keyfiyyətinə görə əvvəlkilərdən fərqlənir.

Bildirək ki, həm məhsuldarlıq baxımından, həm də keyfiyyət göstəricilərinə görə əvvəlki yaşıl çay kollarından fərqlənən yeni növlər ənənəvi olaraq toxumla deyil, yeni çilik üsulu ilə əkilərərək əldə olunur. Bunun üçün 260-dan çox yaşıl çay növünün xüsusiyyətlərini öyrənən kənd təsərrüfatı mütəxəssisləri daha yaxşı növləri artıraraq bu sahədə çalışan fermerlərə təklif edirlər.

Qeyd edək ki, əvvəlki çay sortlarından bir hektar ərazidən 5-6-ton məhsul götürən fermerlər yeni növlərdən bir hektara 8-9-ton məhsul tədarük edir. Bundan başqa, yeni yaşıl çay növlərindən salınan plantasiyalarda ildə 10-11-dəfə məhsul yığımı həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çay və sitrus bitkiləri filialının bazası Lənkəranda 4000, Astara və Masallıda 2000, Lerikdə isə 500 hektar ərazidə yeni çay plantasiyaları salmağa imkan verir.

SalamNews