Uşaq yazıçısının adı beynəlxalq mükafata təqdim olunub
20.8.2013

Azərbaycanlı uşaq yazıçısının adı beynəlxalq mükafata təqdim olunub. F. Köçərli adına Respublika Kitabxanası üzvü olduğu Beynəlxalq Uşaq Kitabları Şurasının 2014-cü il üzrə Hans Kristian Andersen mükafatına uşaq yazıçısı Sevinc Nuruqızının namizədliyini təqdim edib.

Sevinc Nuruqızının verdiyi məlumata görə, onun adı artıq namizədlərin siyahısına daxil edilib. Müəllifin “Ağca və cuppulu”, “Aysu və ay” kitabları doqquz ünvanda olan münsiflər heyətinin üzvlərinə göndərilib. 2014-cü il üzrə Hans Kristian Andersen mükafatı uğrunda 34 ölkədən 29 müəllif və 31 illüstrator mübarizə aparacaq. Mükafatın münsiflər heyətinin seçimi 2014-cü il martında başa çatacaq. Qaliblərin adı martın 24-də Boloniya Uşaq Kitabı sərgisində Beynəlxalq Uşaq Kitabları Şurasının mətbuat konfransında elan olunacaq.

Qeyd edək ki, 1956-cı ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən təsis olunan mükafat iki ildən bir təqdim olunur.

APA