Bakıda “Jumeirah Bilgah Beach Hotel”kompleksi açılmışdır
29.12.2011

Dekabrın 28-də Bakının Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.
Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan “Jumeirah Group”un MDB məkanında ilk otelidir.
Qeyd edildi ki, 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılmışdır.
Kompleksin zəngin kitabxanasında Fransadan gətirilmiş qiymətli kitablar toplanmışdır.
Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da vardır.
İşıqlandırma sisteminin mükəmməlliyi ilə seçilən otelin birinci mərtəbəsində dənizin cazibədar mənzərəsi görünən və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik zal yaradılmışdır. Bu mərtəbədəki 44 nəfərlik “Piano lunch” da qonaqların ixtiyarına veriləcəkdir.
Otelin restoranlarında qonaqlara yerli və xarici mətbəxlərin ləziz yeməkləri təqdim olunacaqdır.
Məlumat verildi ki, kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Otaqlar simsiz internet, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışı olan telefonla təmin edilmişdir. Oteldə yüksək səviyyəli qonaqlar üçün ümumi sahəsi 175 kvadratmetr olan nömrə, 125 kvadratmetrlik “Ambassador suit” də yaradılmışdır.
Buradakı Talas SPA və ümumi sahəsi 2 min 600 kvadratmetr olan Fitnes-Mərkəz müasirliyi ilə diqqəti çəkir. Bununla yanaşı, qonaqlara pulsuz xidmətin göstəriləcəyi su divarı və masaj otaqları, türk hamamı, saunalar, buxar otaqları, 7 müalicə otağı, 2 VİP SPA yaradılmışdır.
İlin isti aylarında dəniz sahilində açıq havada eyni vaxtda 600 nəfərin istirahəti üçün lazımi şərait yaradılmışdır.
Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir.
Otel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.