Azərbaycanlı müğənni və tələbəsinin konserti BBC-də yayımlandı
26.8.2013

Londonun məşhur “Royal Albert Hall” konsert salonunda azərbaycanlı xanəndə Qoçaq Əsgərov və tələbəsi Fidan Hacıyevanın konserti olub.

Konsert BBC 3 radiosunun dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “World Routes Academy” layihəsi çərçivəsində keçirilib. İki hissədən ibarət olan konsertdə həmyerlilərimizlə yanaşı, Malidən gələn musiqiçilər də iştirak ediblər.

Gecədə, diplomatik korpusun nümayəndələri, burada yaşayan azərbaycanlı icması ilə yanaşı müxtəlif ölkələrdən musiqisevərlər iştirak etmişlər. Muğam parçaları ilə yanaşı, milli musiqi alətlərimiz balaban, nağara, tar və kamançada ifalar da böyük rəğbətlə qarşılanıb.

Mali və Azərbaycan haqqında tamaşaçılara məlumat verən gecənin aparıcısı ölkəmizin zəngin musiqi tarixi və mədəniyyətinin olduğunu bildirib.

Qeyd edilib ki, ölkəmizdə klassik musiqi ilə yanaşı müasir estrada mahnılarının da təkrarolunmaz ifaçıları vardır. Azərbaycanın 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində qalib olduğunu vurğulayan aparıcı ölkəmizin qərblə şərq arasında körpü rolunu oynadığı bildirib və özünəməxsus unikal musiqi mədəniyyəti haqqında dinləyicilərə məlumat verib.

Konsert BBC 3 radiosu ilə canlı yayımlanıb.

Big.az