Buraxılış imtahanında “2” aldı, qəbul imtahanında 559 bal topladı
27.8.2013

Azərbaycanda bu il keçirilən qəbul imtahanlarında maraqlı nəticələr ortaya çıxıb.

Təhsil Nazirliyinin 2012-2013-cü dərs ilinin və təhsil alanların yekun dövlət attestasiyasının nəticələri ilə bağlı apardığı təhlillər nəticəsində bu il buraxılış imtahanlarında “2” qiyməti almış 128 məzunun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək, ali məktəblərə qəbul olunduğu məlum olub.

Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var. Buraxılış imtahanından “2” qiymət almış bir abituriyent isə III ixtisas qrupu üzrə 559 bal toplayıb.

Məlumatda daha sonra qeyd olunub ki, ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunanlarınb qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparılıb.

248 medalçıdan 3 nəfəri (1%) 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb. 16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.

Xatırladaq ki, ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınıb.

kaspi.az