Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Xalça” Beynəlxalq onlayn jurnalının təqdimatı olmuşdur
29.12.2011

Dekabrın 27-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin təsis etdiyi “Xalça” Beynəlxalq onlayn jurnalının (www.xalca.az) təqdimatı keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, üç dildə (Azərbaycan, rus, ingilis) təqdim olunan jurnalın əsas məqsədi dərin köklərə malik qədim və müasir Azərbaycan, ümumiyyətlə, Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır.
Xalça sənətinin təbliği məsələləri – beynəlxalq simpoziumlar, elmi konfranslar, nəşr olunmuş kitablar və s. haqqında məlumatlar jurnalın “Azərbaycan xalçaları”, “Konfranslar”, “Şərgilər”, “Şərq xalçası”, “Xəbərlər” bölmələrində əksini tapmışdır. Rubrikalarda maraqlı məlumatlarla yanaşı, izahlı fotoşəkillər, illüstrasiyalar da yerləşdirilmişdir.
Jurnalın özəlliklərindən biri də ABŞ, İran, İtaliya, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan, beynəlxalq aləmdə tanınmış elm xadimlərinin, xalça mütəxəssislərinin redaksiya heyətində yer almalarıdır.