“Ən yaxşı sosial çarx” müsabiqəsinin bitmə tarixi dəyişdirildi
28.8.2013

Məlum olduğu kimi, Gənclər Fondu “Ən yaxşı sosial çarx” adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsini keçirir.

Gənclər Fondunun mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir.

Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq qısametrajlı sosial çarxlar aşağıdakı istiqamətləri əhatə etməlidir:

- Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti;

- Vətənpərvərlik;

- Ekologiya və ətraf mühitin qorunması;

- Gənclik və təhsilin təbliği;

- Milli adət və ənənələrimiz;

- Müasir ailə dəyərləri.

Müsabiqəyə ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim oluna bilər. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.

Qeyd edək ki, Gənclər Fondu gənclərdən gələn çoxsaylı müraciətləri və müsabiqəyə göstərilən marağı nəzərə alaraq müsabiqəyə son müraciət tarixini dəyişib. Müsabiqədə iştirak edənlər hazırladıqları qısametrajlı sosial çarxları 1 oktyabr tarixinədək Gənclər Fonduna təqdim etməlidir.

Gün.Az