Opera müğənnimiz oktyabrda “Manga” ilə duet oxuyacaq
30.8.2013

Opera və vokal ifaçısı Lətifə Soyuöz yeni layihə üzərində çalışır.

İfaçı yay aylarında istirahətlə yanaşı yaradıcılığında da yenilik etdiyini deyib.

O, sözləri İlham Abdullayevə, musiqisi Naibə Şirməmmədova, aranjemanı isə Yaşar Baxışa məxsus mahnı yazdırıb. İfa sentyabr ayında dinləyicilərə təqdim olunacaq:

“Mahnının uğurlu olacağına əminəm. Musiqisi ayrı, sözləri ayrı gözəllikdir. Hər kəsin qəlbinə toxuna biləcək bir əsərdir”.

L.Soyuöz onu da qeyd edib ki, sentyabrda yeni mahnısına klip çəkdirəcək:

“Köhnə komandamla çalışmağı planlaşdırmışam. Klip mütləq olmalıdır. Allah nəsib etsin növbəti layihəmi ərsəyə gətirim”.

Xatırladaq ki, L.Soyuöz Türkiyənin “Manga” qrupu ilə birgə layihə hazırlayır. İfaçı bu haqda kifayət qədər danışsa da layihə hələ başlamayıb:

“Əsas məsələ həll olunub. Layihənin detalları da bəllidir. Ancaq yeganə məsələ hələ ki vaxtdır. “Manga” qrupu hazırda qastrol səfərlərindədir. Onların çıxışları bitən kimi bizim layihə başlayacaq. Bu, təxminən oktyabr ayına təsadüf edəcək”.

Gün.Az