Azərbaycan XXVI Moskva Beynəlxalq kitab sərgi-yarmarkasında geniş təmsil olunacaqdır
30.8.2013

Sentyabrın 4-dən 9-dək Rusiya Federasiyasının paytaxtında XXVI Moskva Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcəkdir.

1987-ci ildən başlayaraq hər il keçirilən Moskva Beynəlxalq kitab sərgi-yarmarkası dünyanın nüfuzlu sərgilərdən biridir. Burada müxtəlif ölkələrdən çox sayda nəşriyyat və kitab nəşri müəssisələri iştirak edirlər.

Ölkəmizin ənənəvi olaraq hər il iştirak etdiyi bu sərgidə ötən il 18 kvadratmetrlik stend icarəyə götürülmüşdür. Həmin stenddə Azərbaycanın dövlətçilik ənənələrini, mədəniyyətini, tarixini və turizm imkanlarını əks etdirən nəşr nümunələri nümayiş etdirilmişdir.

Bundan əlavə, hər il sərgi Rusiya Federasiyası və eləcə də Moskva şəhərində yaşayan çoxsaylı həmvətənlərimizin böyük marağına səbəb olur. Ekspozisiyamızı ziyarət edən soydaşlarımız və digər xalqların nümayəndələri olduqca maraqlı və dinamik həyat yaşayan respublikamızın ən müxtəlif sahələrinə güzgü tutan çeşidli çap məhsulları ilə tanış olurlar.
Bu ilki sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 90 illik yubileyi təntənəli şəkildə qeyd edilən ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirin keçirilməsi də nəzərdə tutulur.
Eyni zamanda, sərgi çərçivəsində 1X Beynəlxalq kitab sənəti müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarının mükafatlandırılması mərasiminin keçirilməsi planlaşdırılır.

Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu və şöbənin məsləhətçisi Faiq Xudanlı təmsil edəcəklər.