Azərbaycanda taksi xidmətləri sahəsində fəaliyyət göstərən şəxslərin avtomobillərinin rəngi ilə bağlı yeni dövlət standartına keçid tədricən həyata keçiriləcək.
Bunu açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, ölkədə Komitə tərəfindən Nəqliyyat Nazirliyi ilə birgə hazırlanan «Sərnişin stansiya qurğuları və avtomobilləri dövlət standartı»nın tətbiqinə artıq başlanılıb: «Bu fərqləndirici standart bütün növ sərnişin daşıyan avtomobillərə tətbiq ediləcək. Lakin bu standartın tətbiqi tədricən həyata keçiriləcək».
F.Talıblının sözlərinə görə, bu standart dərhal tətbiq edilərsə, bu, sosial ədalətsizlik yarada bilər: «Hazırda bunun keçid dövrüdür və taksi sürücüləri arasında maarifləndirmə işləri aparırıq».
Komitə rəsmisi bildirib ki, bu standarta görə, Bakıda bütün növ taksilər və sərnişindaşıma nəqliyyatı vasitələri bənövşəyi rəngdə olmalıdır: «Artıq paytaxtda bu proses başlayıb və paytaxta «London» taksiləri gətirilir. Standarta görə, Sumqayıtda taksilər ağ rəngdə, Gəncə şəhərində isə boz rəngdə olmalıdır».
F.Talıblı qeyd edib ki, «Sərnişin stansiya qurğuları və avtomobilləri dövlət standartı» şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitələrini də nəzərə alıb: «Bu standarta görə, şəhərlərarası sərnişin daşıyan bütün nəqliyyat vasitələri – iritutumlu avtobuslar və minik avtomobilləri tünd qırmızı rəngdə olmalıdır. Komitə Nəqliyyat Nazirliyi ilə birgə bu standartın tətbiqinə mütəmadi nəzarət aparır».
APA