“Azercell” abonentləri üçün ümumi ödəmə kartı istifadəyə verilmişdir. Sentyabrın 4-dən eyni nominallı kartı həm SimSim, həm də fakturalı xətt abonentləri yükləyə bilərlər.
Şirkətdən bildirilmişdir ki, fakturalı xətt sisteminə aid nömrələr üçün ödəmə kartları müddətsizdir və əldə olunduğu tarixdən etibarən istənilən vaxt yükləmək mümkündür.
Ümumi ödəmə kartları ilə yanaşı, abonentlər hazırda satışda mövcud olan köhnə tipli fakturalı xətt və “SimSim” ödəmə kartlarından da istifadə edə bilərlər. Eyni zamanda, “SimSim” balansartırma kartları fakturalı xətt nömrələrinə də yüklənilir.
“Azercell Telekom” MMC-nin ümumi ödəmə kartları rəsmi diler və satış məntəqələrindən yalnız nominalına uyğun qiymətə əldə olunacaqdır. Abonentlərə ödəmə kartlarını 3-cü şəxslərdən əldə etməmək, ödəmə kartının seriya və s. göstəricilərinin tamlığına diqqət yetirmək, həmçinin ödəmə kartları əldə edərkən şifrəni 3-cü şəxslərə bildirməmək tövsiyə olunur.
Ümumi ödəmə kartları ilə yanaşı, abonentlər alternativ vasitələrlə də balansı artıra, nömrədəki borcları ödəyə bilərlər. Abonentlər bütün bank və poçtlardan, nağd pul vasitəsilə ödəmə kiosklarından (MilliÖn), o cümlədən kredit və ya debit kartları (VISA, VISA Electron, Cirrus/Maestro, MasterCard/Eurocard) vasitəsi ilə ATM (bankomatlar) üzərindən, www.azercell.com rəsmi İnternet səhifəsindən, həmçinin köçürmə yolu ilə və “Mobil bank” xidməti vasitəsi ilə də ödəmələri həyata keçirə bilərlər. Bu barədə daha ətraflı news@mcs.az ünvanında məlumat verilmişdir.
AzərTAc