Ümumi ərazisi 420 hektar olan Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun Səlbir, Qala və Qəbələnin antik şəhər yeri ərazisində arxeoloji qazıntılar uğurla davam etdirilir.
Qala arxeoloji qazıntı ərazisində yeni maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Dərinliyi 5 metr olan təsərrüfat quyusundan 2 min il bundan əvvələ aid armud, heyva və üzüm tumları, eləcə də arpa aşkar edilmişdir. Tapılan nümunələr o dövrdə meyvəçiliyin və taxılçılığın inkişafından, eləcə də meyvələrdən qıcqırma yolu ilə şərab hazırlandığını göstərir.
Arxeoloqlar həmin ərazidən kərpic və kirəmitlərin bişirilməsi üçün müxtəlif təyinatlı kürələr aşkar etmişlər. Həmçinin qazıntı zamanı ərazidən iki min il əvvələ aid müxtəlif sənətkarlıq və kənd təsərrüfatı binaları aşkar olunmuş, evlərin dam örtüyünün kirəmitlərlə örtülməsi faktı aşkarlanmışdır. Bundan əlavə, ərazidən müsəlman adət-ənənəsi ilə dəfn edilmiş 3 torpaq qəbir, su təchizatı xətti aşkar edilmişdir.
Ümumi ərazisi 1600 kvadratmetr olan qazıntı sahəsində 50-yə yaxın müxtəlif maddi-mədəniyyət nümunəsi də tapılmışdır. Tədqiqatlar zamanı, VIII-IX əsrlərə aid mədəni təbəqədən müxtəlif təyinatlı bina qalıqları, kürə və təndirxanalar, təsərrüfat quyuları, əmək alətləri, şüşə və saxsı qablar, gümüş və mis sikkələr, bəzək əşyaları aşkar edilmişdir. Əldə edilən arxeoloji materiallar VIII əsrin sonlarında bu ərazidə intensiv şəhər həyatının olduğunu göstərir.
Ərazidə arxeoloji qazıntılarla bərabər konservasiya işləri də aparılmaqdadır. Bu da öz növbəsində, arxeoloji turizm sahələrinin inkişafına öz töhfəsini verəcəkdir. Cari ildə indiyədək Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 2485 turist səfər etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
AzərTAc