Gənclik illərində uzun məsafələrə üzgüçülüklə məşğul olmuş Diana Nyad möhtəşəm rekord vurub.
O, Kubanın paytaxtı Havanadan ABŞ-ın Florida ştatının sahillərinədək olan 177 kilometrlik məsafəni üzərək qət edib.
64 yaşlı nənə 53 saat sərasər suda olub.
Həmin okean sularında köpək balıqlarının hədsiz sayda olduğunu nəzərə alsaq, Diana Nyadın rekordunun xüsusi cəsarət tələb etdiyi aydınlaşır.
Havanadan Florida ştatındakı Ki Uest şəhərinədək, Florida körfəzini indiyədək yalnız bir qadın üzərək keçib. 1997-ci ildə bu rekordu vurmuş avstraliyalı Syuzi Maronenin adı tarixə düşüb. Amma o, köpək balıqlarından qorunmaq üçün xüsusi qəfəsdən yararlanmışdı.
2012-ci ildə avstraliyalı Penni Palfri 127 km üzsə də, çox güclü okean cərəyanı ona mane olmuşdu. Palfri Floridaya çatmamış üzməsini dayandırmışdı.
Bu ilin iyununda Florida körfəzini avstraliyalı Hloya Makaardelo qət etməyə çalışsa da, 11 saat üzərək 22,5 km qət edəndən sonra onu meduza sancmışdı.
"Kubadan Floridayadək üzmək həyatımın arzusu idi. Beşinci sınağım uğurlu oldu", - Nyad deyib.
1975-ci ildə Diana Nyad Manhetten adası ətrafında 45 kilometri 8 saata qət etmişdi. 1979-cu ildə isə o, Baham adalarından Floridayadək 164 kilometrlik məsafəni 27,5 saata üzüb başa vurmuşdu.
Nyad son rekordunu vurarkən onun üzündə meduzalardan qorunmaq üçün plastik maska vardı.
Video
publika.az