Heydər Əliyev Fondunun təşkil
etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı və qala- konsert
olmuşdur. Bu münasibətlə iyulun 30-da “Qafqaz Resorte” otelinin qarşısındakı
parkda açıq səma altında keçirilən mərasimdə Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Меhriban
xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubda
bildirilir ki, Qəbələ musiqi festivalı yenidən öz qapılarını iştirakçıların və
qonaqların üzünə açır. Bizim festival Azərbaycanın ən gözəl guşələrindən
biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları
bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı
olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründə tolerantlıq ənənələrinin
və mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsinin təməli qoyulmuşdur.
Məktubda daha sonra deyilir: Böyük İpək Yolu Azərbaycan ərazisindən keçəndə bu
ənənələr öz inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu gün həmin ənənələrin
sayəsində Azərbaycan Avropa və Şərq arasında mədəniyyətlərarası körpü rolunu
oynayır.
Heydər Əliyev Fondunun prezidentinin təbrik məktubunda qeyd edilir ki, bu gün
Qəbələ festivalı səhnəsində həm Avropa klassik musiqisi, həm də ənənəvi
Azərbaycan musiqisi və onun incisi - hələ 2003-cü ildə YUNESKO-nun Qeyri-Maddi
Mədəni İrs Siyahısına daxil edilən muğam səslənir.
Ənənəvi hal almış bu festival musiqi tədbiri üçün qısa bir müddətdə əsas
məqsədə nail olmuşdur. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların,
sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir.
Меhriban xanım Əliyeva festival iştirakçılarına təbrik məktubunu bu sözlərlə
bitirir: Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi
dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir.
Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici
mühitində xoş ünsiyyət arzulayıram.
Mərasimdə Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək festivalda
iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün
qonaqları, istedadlı ifaçıları, musiqiçiləri salamlamış, onlara təşəkkürünü
bildirmişdir. Natiq хeyli vaxtdır ki, bu festivala yüksək səviyyədə hazırlıq
işlərinin görüldüyünü qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan mədəniyyətinin
təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada
tanıdılması üçün bir vasitədir.
Qeyd edilmişdir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq gözəl bir ənənəyə
çevrilmişdir. Bu festival günləri səhnədə dahi Azərbaycan və dünya
bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli
musiqiçilər bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi,
muğamlarımız ifa olunur.
Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir və Heydər Əliyev Fondu
ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri
layihələr həyata keçirir. Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç
adına musiqi festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi
bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivallar buna əyani
misaldır. Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin,
mədəni dəyərlərin qorunub saxlanılması üçün Heydər Əliyev Fondu tərəfindən
atılan növbəti addımdır. Bu festival bütün iştirakçılar, xüsusilə də gənc
ifaçılar üçün həddindən artıq önəmlidir.
Tədbirdə Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin festival
iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunmuşdur.
Sonra qala-konsert olmuşdur. Konsertdə dünya şöhrətli dirijor Yuri Başmetin
rəhbərlik etdiyi “Yeni Rusiya” Dövlət Simfonik Orkestri çıxış etmişdir.
Orkestrin çıxışı həm Yuri Başmetin, həm də Xalq Artisti, “Şöhrət” ordenli,
Prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə baş tutmuşdur. Orkestr
solo ifadan əlavə, dünyanın məşhur vokalçılarından Sergey Leyferkus (bariton),
Almaniya Dövlət Operasının solisti Anna Samuil (soprano), İtaliyanın məşhur
tenor ifaçısı Massimiliano Pisapia, Rusiyanın violin ifaçısı Alyona Bayevanı da
müşayiət etmişdir.
Konsertdə S.Prokofyevin, V.A.Motsartın, Ş.Qunonun, C.Puççininin, J.Bizenin,
C.Verdinin, S.Raxmaninovun, A.Pyazollanın, M.Bruxun və Q.Qarayevin əsərləri ifa
olunmuşdur.
Tədbiri izləyənlər arasında ölkəmizdə səfərdə olan Rumıniyanın mədəniyyət və
milli irs naziri Hunor Kelemen, Milli Məclisin deputatları, dövlət və hökumət
nümayəndələri olmuşlar.