Bakı şəhərinin Xətai rayonu əazisində, Nobel prospektində Azərbaycan Boks Federasiyasının inzibati binası və iki böyük hotel tikilir.
Ümumi sahəsi 16 min kv. metr olan ərazidə tikilən hotellər beynəlxalq standartlara cavab verəcək.
Tikinti işlərini aparan «Gilan Holdinq»in layihəyə rəhbərlik edən texniki işlər üzrə baş mühəndisi Onur Ali Timur «APA-Economics»ə bildirib ki, tikinti işləri 22 ay öncə başlayıb: «Bütün obyektlərin tikinti işlərini gələn ilin fevralın 15-dək tamamlamağı planlaşdırırıq».
Onun sözlərinə görə, Boks Federasiyasının 200 nəfərlik olacaq inzibati binasının inşası isə 2 hektar ərazidə aparılır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binada 500 nəfərlik idman kompleksi, üzgüçülük hovuzu, nasosxana, həkim otaqları, avtodayanacaq, transformator yarımstansiyası, qazanxana, su anbarı, boks yarışları üçün iri meydança tikiləcək.
«Kaukasus White City Hotel» adlandırılması nəzərdə tutulan ilk hotel 65 metr hündürlüyündə və 18 mərtəbədən ibarət olacaq. Burada 113 otağın olacağı nəzərdə tutulub. Layihəyə görə, hotelin 13-cü mərtəbəsində hovuz tikiləcək. Hotel otaqlarının sahəsi isə 32-34 kv. metr olacaq.
İkinci otelin 5-ulduzlu olması nəzərdə tutulub. Hotelin inşasına yaxın bir həftə ərzində başlayacaq. Lüks kateqoriyasına aid olan bu hotel 82 metr hündürlüyündə, 25 mərtəbəli və 300 otaqdan ibarət olacaq.
Ərazidə tikiləcək dayanacaq 850 avtomobilin parklanması üçün nəzərdə tutulub.
APA