Azərbaycanlı rejissorun "Köç" sənədli filmi İtaliyada keçirilən beynəlxalq festivalda əsas mükafata layiq görülüb
5.9.2013

Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser Rodion İsmayılovun "Köç" sənədli filmi İtaliyanın Neapol şəhərində keçirilən VI Beynəlxalq "Faito doc Festival" sənədli filmlər festivalında əsas mükafata layiq görülüb.

2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "DS film" studiyasında istehsal olunan ekran əsəri ölkəmizin qədim adət-ənənələrini özündə əks etdirir.

Filmdə bütün ömrü boyu heyvandarlıqla məşğul olan, il ərzində yaylaqlardan qışlaqlara və geriyə köç edən insanların çətin və maraqlı taleyi işıqlandırılıb. Nəsildən-nəslə keçən bu peşəni çobanlar səbirlə davam etdirirlər. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.

Qeyd edək ki, "Köç" filmi bundan əvvəl 30-dək beynəlxalq festivalda iştirak edib.

APA