Masallıda Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilmişdir - FOTO
5.9.2013

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunmuşdur. Bu mədəniyyət ocağı istismarda olduğu müddətdə əsaslı təmir edilməmişdir. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanılmışdır. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilmişdir.

Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanmışdır.
Dövlətimizin başçısının Masallıya ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenidən qurulmuşdur.

Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısı rayon incəsənət məktəbi xor kollektivinin ifasını dinlədi.
Prezident İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mahmudavar kənd mədəniyyət evinin direktoru Natəvan Əliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mirqiyas Təhməzov Prezident İlham Əliyevə Masallı sakinlərinin təşəkkürünü çatdırdılar.

Sonra “Halay” folklor kollektivi “Ay lolo” xalq mahnısını ifa etdi. Sonda xatirə şəkilləri çəkdirildi.

AzərTAc