Azərbaycanın Əməkdar Artisti, Rusiya Böyük Teatrının solisti Çinarə Əlizadə Finlandiyanın Laxti şəhərindəki “Sibeliustalo” konsert zalında keçirilən “Rus balet ulduzları” festivalında iştirak etmişdir.
Festivalda Böyük Teatrın, Mariinski, Mixaylovski teatrlarının balet truppaları yeni proqram təqdim etmişlər. Proqrama həm klassik, həm də müasir xoreoqrafiyanın ən yaxşı əsərləri daxil olunmuşdur.
Çinarə Əlizadə Moskvada doğulmuşdur. O, 1995-ci ildə Rusiya paytaxtındakı Humanitar Universitetin nəzdində Balet Akademiyasına daxil olmuşdur və Nataliya Nesterovadan balet sənətinin sirlərini öyrənmişdir. Ç.Əlizadə universitetdə 3 il təhsil aldıqdan sonra 1999-cu ildə Moskva Xoreoqrafiya Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil alarkən aparıcı rollar ifa etmişdir.
Çinarə Əlizadə 2005-ci ildə Moskvada Beynəlxalq artistlər və xoreoqraflar müsabiqəsində birinci yerə layiq görülmüş və bundan sonra Böyük Teatrın balet truppasına dəvət almışdır.
AzərTAc