Azərbaycanlı dirijor Kiyevdə keçiriləcək festivalda iştirak edəcəkdir
6.9.2013

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov “Miroslav Skorikin musiqi günləri” Beynəlxalq festivalında iştirak edəcəkdir.

Əfsanəvi ukraynalı bəstəkar, Xalq Artisti, müasir Ukrayna bəstəkarlıq məktəbinin banisi Miroslav Skorikin 75 illik yubileyinə həsr olunan festival sentyabrın 13-dən oktyabrın 13-dək Kiyevdə keçiriləcəkdir.

Festivalda görkəmli ukraynalı ifaçılar, aparıcı kollektivlər, dünya səviyyəli musiqiçilər iştirak edəcəklər.

Konsertlər və musiqi çıxışları Ukrayna Milli Filarmoniyası, T.Q.Şevçenko adına Ukrayna Milli Opera və Balet Teatrı, Ukrayna Milli İncəsənət Akademiyası və P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında reallaşdırılacaqdır.

AzərTAc