Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də əsaslı şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olmuşdur.
Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonra xatirə şəkli çəkdirildi.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu tibb ocağının yenidən qurulmasına 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Əsaslı yenidənqurma işlərinin aparılması, əlavə tibbi avadanlıq və inventarın alınması üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdır. Yenidənqurma və təmir işlərinin görüldüyü ümumi sahə 10 min 674 kvadratmetrdir. Xəstəxananın birinci mərtəbəsində poliklinika, hemodializ, şüa-diaqnostika, təcili tibbi yardım, laboratoriya şöbələri, həmçinin gigiyena və epidemiologiya mərkəzi yerləşir. İnzibati bölmə, poliklinika, fizioterapiya və pediatriya şöbələri ikinci mərtəbədə fəaliyyət göstərir. Bu səhiyyə ocağında xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Burada yaradılan şərait rayon sakinləri ilə yanaşı, ətraf rayonların əhalisinə də yüksək tibbi xidmət göstərmək imkanı yaradır. Yenidənqurma işləri çərçivəsində ərazidə əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Burada müasir infrastruktur formalaşdırılmışdır.
AzərTAc