Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə sentyabrın 7-də “Arşın Mal Alan” operettası Los Anceles şəhərində səhnəyə qoyulacaq. Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, operettanın 100 illik yubileyinə həsr olunmuş bu tamaşa “Arşın Mal Alan”ın ingilisdilli məkanda, xüsusilə də ABŞ-da bu miqyasda və formada ilk səhnələşdirilməsidir.
Tamaşa dünyanın ən böyük və məşhur opera teatrlarından olan Los Ancelesin “Dorothy Chandler Pavilion” opera teatrında keçiriləcək. Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnakdır (Michael Schnack). Bütün rolların ifaçıları ABŞ-ın tanınmış opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqları isə ingilis dilində aparılacaq. Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu orkestr operettanın musiqisini ifa edəcək.
Premyerada iştirak etmək üçün Azərbaycandan nümayəndə heyəti Los Ancelesə yollanıb.
Qeyd edək ki, tamaşanın reklamı məqsədilə Baş Konsulluq tərəfindən ayrıca internet səhifəsi yaradılıb (www.clothpeddler.us), eləcə də video-çarx hazırlanaraq Los Anceles telekanallarında nümayiş etdirilib. (http://youtu.be/B-eggDWKgoQ).