Azərbaycanda Beynəlxalq Savadlılıq Günü qeyd ediləcəkdir
6.9.2013

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür.
UNESCO tərəfindən 1965-ci ildə elan olunan bu əlamətdar günün qeyd olunmasının məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə, cəmiyyət üçün faydalılığına diqqəti cəlb etməkdir.
BMT-nin İctimai İnformasiya Departamentinin təşəbbüsü ilə Azərbaycanda Beynəlxalq Savadlılıq Günü qeyd olunacaqdır. Bu münasibətlə sentyabrın 6-da Gənclər üçün Təhsil Mərkəzi Ağcabədi rayonundakı 3 nömrəli orta məktəbdə tədbir təşkil edəcəkdir.
Tədbirdə Beynəlxalq Savadlılıq Gününün mahiyyətinə və BMT-nin təhsil sahəsində gördüyü işlərə dair təqdimatlar olacaqdır. Eyni zamanda, məcburi köçkün ailəsindən olan və bu il birinci sinfə qədəm qoyacaq şagirdlərə “Bakcell” şirkəti tərəfindən məktəbli çantası və digər dərs ləvazimatları paylanılacaqdır. Bundan əlavə, Ağcabədi gəncləri üçün BMT-nin Minilliyin İnkişaf Məqsədləri mövzusunda seminar keçiriləcəkdir.

AzərTAc