Sentyabrın 14-dən 20-dək Rusiyanın Saratov şəhərində “Saratov əzabları” Beynəlxalq film festivalı keçiriləcəkdir.
Saratov festivalı dünyada yeganə sənədli melodrama film müsabiqəsidir.
Rusiyada yaşayan azərbaycanlı rejissor Rodion İsmailovun “Doğma ocaq” sənədli filmi festivalın müsabiqə proqramına daxil edilmişdir.
Xalqımızın qədim adət-ənənələrinə işıq salan “Doğma ocaq” filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır. On yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. O, azərbaycanlı qohumlarının ənənələri, mədəniyyəti və adətləri barədə daha çox şey öyrənmək istəyir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır. Onun Azərbaycan ilə ilk tanışlığı sənədli filmin süjet xəttini təşkil edir.
Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Rusiya Federasiyasının Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilmişdir və xronometrajı 63 dəqiqədir.
Filmin rejissoru Rodion İsmailov, operator Mixail Qorobçuk, bəstəkar Vladimir Kuptsov, montaj edən Svetlana Lyadvina, prodüserlər Rodion İsmailov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.
“Doğma ocaq” filmi sentyabrın 13-dən 21-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Let's Cee” Beynəlxalq festivalında da iştirak edəcəkdir.
AzərTAc