Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı və Bəstəkarlar İttifaqının dəstəyi ilə SSRİ-nin və Azərbaycanın Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkar və dirijor Niyazinin (Tağızadə-Hacıbəyov) anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gecə keçirilmişdir.
Niyazinin mənzil-muzeyində keçirilmiş gecədə tanınmış bəstəkarlar, sənətşünaslar, digər mədəniyyət və incəsənət xadimləri, KİV-lərin nümayəndələri iştirak etmişlər.
Tədbiri Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov açaraq Prezident İlham Əliyevin “Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 20 may tarixli Sərəncamını diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Buraya maestronun əsərlərinin kataloqunun, “Niyazi təsviri sənətdə” açıqcasının, veb-saytın hazırlanması və s. daxildir. İctimai rəyi öyrənmək məqsədi ilə avqustun 3-də keçirilmiş “dəyirmi masa”da isə dirijorlar üçün “Niyazi” mükafatının təsis olunması təklifi irəli sürülmüşdür.
Rza Bayramov qeyd etmişdir ki, maestronun yubileyinin YUNESKO səviyyəsində qeyd edilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin təşkilata müraciət olunmuşdur.
Niyazinin mənzil-muzeyi haqqında məlumat verən Rza Bayramov hazırda burada 6700-dən artıq eksponatın olduğunu diqqətə çatdırmışdır.
Gecədə bəstəkar Azər Dadaşov Niyazi haqqında xatirələrini iştirakçılarla bölüşmüş, fortepiano üçün yazdığı “Niyazi 99” pyesini ifa etmişdir. Bəstəkarlardan Ceyhun Allahverdiyevin, Vasif Allahverdiyevin, Pikə Axundovanın, Nərminə Nağıyevanın əsərləri səsləndirilmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, Əməkdar Artist Fidan Hacıyevanın, teatrın solisti Tural Ağasıyevin ifasında romanslar böyük maraqla qarşılanmışdır.
Prezident təqaüdçüsü, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdindəki mərkəzi musiqi məktəbinin 8-ci sinif şagirdi Nazxanım Dadaşova pianoda Niyazinin “Şur rəngi” və “Prelüdiya”sını ifa etmişdir.
Maestro Niyazi haqqında slayd-şou nümayiş etdirilmişdir.
Ümumiyyətlə, avqustun 19-u və 20-si Niyazinin mənzil-muzeyində “Açıq qapı” günüdür. Bu günlərdə muzeydə digər tədbirlərlə yanaşı, maestro haqqında film də nümayiş olunur.