Qafqaz Müsəlmanları İdarəsinin 4 min səhifəlik arxiv sənədləri Tiflisdən Azərbaycana gətirilib
6.1.2012

“Şeyxülislam Hacı Allahşükür Paşazadənin şəxsi təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin arxiv sənədləri Tiflisdən Bakıya gətirilir”. Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Arxivin rəhbəri, tarix elmləri doktoru, professor Anar İsgəndərli deyib.
A. İsgəndərli qeyd edib ki, 2 ildən artıqdır, Qafqaz Müsəlmanları İdarəsinin 1823-1918-ci illəri əhatə edən arxivinin Azərbaycana gətirilməsi ilə bağlı iş aparılır: “Həmin müddətdə idarə Tiflisdə fəaliyyət göstərib. Artıq 4 min səhifəyə qədər arxiv sənədi Bakıya gətirilib. Ancaq sənədlərin hamısının əslinin gətirilməsi çox çətindir. Lakin bu istiqamətdə də işlər görülür”.
Arxivin rəhbəri QMİ-nin müfəssəl tarixinin yazılması istiqamətində işlərə başlanıldığını da deyib: “Bu sənədlər kitab şəklində nəşr olunacaq. Yaxın illərdə kitabın nəşr olunmasına çalışırıq”.

APA