Vaxtı ilə Göygöl rayonunda yaşayan alman Viktor Klaynın yaşadığı ev muzey kimi fəaliyyət göstərəcək. Rayonda yaşayan sonuncu alman olan Viktor 5 il bundan öncə dünyasını dəyişib.
Məlum olduğu kimi XIX əsrin əvvəllərindən başlayaraq Göygöldə almanlar məskunlaşaraq yaşayıb. Bu rayonda hazırda almanlar tərəfindən inşa edilən 300-dən çox ev var. Həmin evlərdən biri də Viktor Klaynın mənzilidir. Tikilini 1886-cı ildə Viktorun atası tikdirib və indiyədək binada heç bir əsaslı təmir-bərpa işləri aparılmayıb. Viktor Klayn 2008-ci ildə 72 yaşında vəfat etdikdən sonra ev boş qalıb. İndi evdə alman irsinə məxsus istifadə edilən cürbəcür məişət əşyaları var ki, onların hamısı eksponat kimi qiymətlidir. Buna görə də həmin tikilinin muzey edilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları evdə olan qədim əşyaları siyahıya alıb və möhürləyib.
Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova: “Onsuz da, bu alman evi gələn turistlərin nəzərində, diqqətində idi. Gələn turistlərin əksəriyyəti o evə baxmağı arzulayırdı. Biz də onları o evlə tanış etmişik. Amma onun gələcəkdə bərpa olunub, bədii tərtibat işlərinin aparılması və muzey kimi fəaliyyət göstərməsi turistlərin daha çox axınına səbəb ola bilər”.
Viktor Klaynın evində almanlara məxsus əşyalarla yanaşı, azərbaycanlıların da məişətdə istifadə etdikləri əşyalar var. Bu əşyalar da seçilib və gələcəkdə muzeydə nümayiş ediləcək.
Qeyd edək ki, Viktor Klaynın evinin ilkin mərhələdə təmiri nəzərdə tutulub. Daha sonra isə almaniyalı mütəxəssislərin iştirakı ilə evin əşyalarının düzülüşünə başlanılacaq.
Milli.Az