Azərbaycanda sürücülər üçün radiokanal fəaliyyətə başladı
10.9.2013

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM ) 107.7 tezliyində “Auto FM” radiosu 09.09.2013-cü il tarixindən etibarən texniki yayıma başlamışdır.
Əsas yayıma isə oktyabr ayında start veriləcəkdir.

“Auto FM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.

“Auto FM” radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaqdır.

“Bütün dünyada Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzlərinin nəqliyyat məlumatlarını əhaliyə operativ çatdırmaq üçün radio kanalları mövcuddur. Artıq Azərbaycanda da bu praktikadan istifadə olunmağa başlanılmışdır və radionun fəaliyyəti daha çox sürücülərə və nəqliyyat istifadəçilərinə yönələcək” - deyə Mərkəzin baş direktoru Elnur Abdullayev bildirmişdir.
Qeyd edək ki, radioya dair 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-cü il tarixində keçirilmiş iclasında qəbul edilmişdir.

Gün.Az