YUNESKO-da “Arşın Mal Alan” ın 100 illiyi keçiriləcək
10.9.2013

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən verilmiş məlumata əsasən, cari ilin 17 sentyabr tarixində YUNESKO-nun Baş Qərargahında Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın YUNESKO-da Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək.

YUNESKO hələ 2011-ci ildə “Arşın Mal Alan” operasının 100 illiyini yublileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.

Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyəti və “Arşın Mal Alan” operasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulub.

Tamaşa-konsertində Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə artistləri ifa edəcəklər.

Publika.Az