Göyçay rayonunda ilk dəfə olaraq mərsin ağacı yetişdirilmişdir.
Göyçay rayonunun Ərəb kənd sakini, 57 yaşlı Rafiq Xəlilov Azərbaycanda ilk dəfə olaraq, mərsin ağacı yetişdirməyə nail olmuşdur. Bununla da o, öz bağçılıq təsərrüfatına xarici ölkəyə məxsus yeni bir ağac əlavə etmişdir. Hind narı və konfet ağacı kimi qeyri-adi ağacları yetişdirməklə tanınan Rafiq Xəlilov bu dəfə meyvəsindən və yarpaqlarından müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan mərsin ağacını Göyçayda çətinliklə də olsa yetişdirərək məhsul əldə etməyin mümkünlüyünü sübut etmişdir. Otuz beş ildir ki, bağçılıqla məşğul olan R.Xəlilov mərsinin toxumlarını 6 il əvvəl Gürcüstandan gətirmişdir. Toxumları xüsusi qablarda cücərtdikdən sonra şitilləri torpağa əkərək qulluq etmişdir. Altı il ərzində yalnız bir mərsin ağacını yetişdirən bağban, nəhayət ki, zəhmətinin bəhrəsini gördüyü üçün çox sevinir.
Məşhur tibb alimi İbn Sina demişdir ki, mərsinin meyvələri diabetli xəstələr üçün xeyirlidir. Qarağat meyvəsindən kiçik olan qırmızı rəngli mərsinin meyvələri ürək döyüntüsünü azaldır, ürəyin fəaliyyətini qüvvətləndirir, öskürəyi kəsir, iflic olmuş orqanları, babasili müalicə edir, dişlərin çürüməsinin, düz bağırsağın və uşaqlığın sallanmasının, saçların tökülməsinin qarşısını alır, ishalı dayandırır.
Mərsinin meyvəsindən və yarpağından ətir və boyaq kimi istifadə olunur. Ağac qeyri-adi müalicəvi xüsusiyyətləri ilə hamının diqqətini cəlb etmişdir. Bu il ağac ilk dəfə meyvə vermiş və hazırda bağban R.Xəlilov, eləcə də rayon sakinləri mərsinin meyvəsinin tam yetişməsini gözləyirlər.
Bağban gələcəkdə mərsin ağacının sayını artırmağı və kiçik mərsin bağı salmağı planlaşdırır.
AzərTAC