İlham Əliyev: “Mənim oğlum məktəbdə Bakıda oxuyub, ali məktəbdə də Azərbaycanda oxuyacaq”
Mən çox istəyirəm ki, Azərbaycan gəncləri Azərbaycanda təhsil alsınlar.
Gün.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olarkən, sakinlərlə görüşündə deyib.
Dövlət başçısı öz övladından da danışıb.
“Mənim oğlum da məktəbdə Bakıda oxuyub, ali məktəbdə də Azərbaycanda oxuyacaq. Düzdür, mənim bir neçə il bundan əvvəlki təşəbbüsümlə biz gəncləri oxumaq üçün xaricə göndəririk, vəsait də ayrılır. Bu binaların tikintisi üçün vəsait ayıran Dövlət Neft Fondu, eyni zamanda, xaricdə təhsil almaq üçün hər il təxminən 30 milyon manat vəsait ayırır.
Gənclər də gedib xaricdə oxuyurlar. Mən bunu alqışlayıram. Ancaq o vaxt da demişəm, bu gün də demək istəyirəm və öz nümunəmlə bunu təsdiq edirəm ki, elə şərait yaratmalıyıq ki, uşaqlar Azərbaycanda təhsil alsınlar”.
Prezident vurğulayıb ki, Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın.
“Tədricən biz bu məqsədlərə də çatırıq. Əlbəttə, mən şadam ki, Prezident kimi bu sahədə də hesab edirəm, bir yol göstərirəm. Xaricdə oxumağın müsbət tərəfləri kimi, mənfi tərəfləri də vardır. Uşaqlar Vətəndən, ailələrindən ayrılırlar, başqa mühitdə yaşayırlar.
Biz isə çalışmalıyıq təhsilin səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli köklərindən ayrılmasınlar, milli ruhda böyüsünlər, tərbiyə alsınlar.
Bax sizin balalarınız da indi bu gözəl məktəbdə oxuyacaqlar. Yaxşı oxusalar, ali məktəbə qəbul olunacaqlar. Bizə vətənpərvər gənclər lazımdır”.
Gün.Az