Bu gün xalq artisti, bəstəkar Arif Məlikovun doğum günüdür.
Arif Cahangir oğlu 1933-cü ildə Bakıda anadan olub. 1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (bəstəkarlıq sinfi üzrə) bitirib.
Q.Qarayevin parlaq yetişdirmələrindən biri olan A.Məlikov 26 yaşında “Məhəbbət əfsanəsi” baletini bəstələyib. Səkkiz simfoniya, simfonik poemalar (o cümlədən “Nağıl”, “Füzulinin xatirəsinə”, “Metamorfozlar”), süitalar (o cümlədən “Məhəbbət əfsanəsi” baletindən süitalar), konsertino (fleyta ilə simli orkestr üçün), müxtəlif orkestr pyesləri (o cümlədən “Simfonik rəqslər”, “8 pyes”, “12 pyes”) bəstəkarın simfonik yaradıcılığını təşkil edir.
Sənət yolunun müxtəlif mərhələlərində bəstəkar səhnə musiqisinə maraq göstərmiş, baletlər (“Məhəbbət əfsanəsi”, “İki nəfər”, “İki qəlbin dastanı”, “Əlibaba və qırx quldur”), operetta (“Dalğalar”), dram tamaşalarına musiqi bəstələyib. A.Məlikov Tofiq Bayramın, Vaqif Səmədoğlunun, başqa şairlərin sözlərinə kantata və vokal-simfonik poemalar, Nazim Hikmətin şerlərinə romans silsilələri yazıb. Onun “Sehrli xalat”, “26 Bakı komissarı”, “Ulduzlar sönmür”, “Axırıncı aşırım” , “Rüstəm və Zöhrab”, “Qərib cinlər ölkəsində” və bir çox başqa filmlərə yazdığı musiqi milyonlarla tamaşaçıya və dinləyiciyə yaxşı tanışdır.
Gün.Az