Bu günlərdə dünyanın aparıcı KİV-i planetin ən yaşlı insanının 112 yaşında Amerikada vəfat etdiyi barədə xəbər yayıb. Salustiano Sançes Blazkesin dünyanın ən yaşlı insanı kimi qələmə verilməsi yəqin ki, ən çox Sabirabad rayonunda narazılıqla qarşılanıb.
Haqları da var, çünki onların həmyerlisi, Sabirabad rayonunun Qaratoğay kəndində yaşayan Həsənova Nübah Cabbar qızı Salustiano Sançes Blazkesdən düz dörd yaş böyükdür.
Nübah Həsənova 1897-ci ildə Sabirabad rayonunun Qaratoğay kəndində dünyaya gəlib. Onun şəxsiyyətini təsdiqləyən sənədə əsasən, nənənin düz 116 yaşı var. İki övlad sahibi olan Nübah nənənin 10 nəvəsi, 30 nəticəsi və 2 kötücəsi var. Nəvələrinin əksəriyyəti Rusiyada yaşayır.
Azərbaycanın ən yaşlı sakini adına iddialı Nübah nənə çətinliklə yeriyir, onun gözləri o qədər də yaxşı görmür, sözləri çətinliklə eşidir. Nənənin yaddaşı zəifləyib, lakin bəzi tarixi hadisələri dumanlı da olsa xatırlayır. Ən əsası isə yaşlı nəslin təbirincə desək, “erməni-müsəlman davasını” xatırlayır.
Apa.tv