Oktyabrın 23-də Heydər Əliyev Sarayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan Prezidenti Kuboku uğrunda beynəlxalq turniri keçiriləcəkdir.
Nazirliyin mətbuat xidmətindən bildirilmişdir ki, turnirdə ŞHK-nın Beynəlxalq Birliyinin Ali Liqasının komandaları – “Rəislər” (İrkutsk), “Dnepr” (Ukraynanın Dnepropetrovsk vilayətinin yığması), “Parapaparam” (Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu), “Bakı Yığması” (Azərbaycan), ŞHK üzrə “Kamızyak diyarının yığması” (Həştərxan şəhəri) və “Triod və Diod” (Smolensk şəhəri) iştirak edəcəklər.
Gecənin aparıcısı Rusiya Federasiyasının Əməkdar İncəsənəti Xadimi, “AMiK” televiziya yaradıcılıq birliyinin və ŞHK Beynəlxalq Birliyinin prezidenti Aleksandr Maslyakov olacaqdır.
Sonuncu dəfə Aleksandr Maslyakov Bakıda 1995-ci ilin sentyabrında olmuşdur. Həmin vaxt “Parni iz Baku” komandası “Odessa centlmenləri” ilə görüşündə yay kubokuna sahib olmuşdu. Aleksandr Maslyakovun Bakıya səfəri ölkəmizdə populyar olan Azərbaycan ŞHK-yə daha bir güclü impuls verəcəkdir. Ötən il Azərbaycan ŞHK respublika festivalını keçirmiş və bu tədbirdə çoxsaylı tələbə komandaları iştirak etmişlər.
“Bakı yığması”nın qarşısında Azərbaycan Prezidenti Kuboku uğrunda Beynəlxalq turnirdə ŞHK liqasının güclü komandaları ilə yarışmaq durmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstək verdiyi “Bakı yığması” 2012-ci ildə ŞHK Beynəlxalq Birliyinin Anapada keçirilən Əməkdaşlıq Kubokunun qalibi olmuş, “Kuban qubernatoru- 2012” Kubokunu əldə etmiş, Astanada “Jаs StaR Каnаtı” Beynəlxalq musiqi festivalında ikinci yeri tutmuşdur. Cari ilin sentyabrında Yeletsdə ŞHK-nin Mərkəzi Voronej liqasında yarımfinala çıxmışdır. Komandanın bədii rəhbəri Rəşad Əzizov, direktoru Fərid Abbasovdur.
AzərTac