Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın açılışında iştirak etmişdir. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Azərbaycan Prezidenti “Yaşıl teatr”ın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həm respublika, həm də rayon səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə yaradılan teatrın tikintisinə bu ilin əvvəlində başlanılmışdır. Teatrın tamaşa zalı 1000 nəfərlikdir. “Yaşıl teatr”da ən son texnologiyalara əsaslanan səs və işıq sistemləri qurulmuşdur.
Azərbaycan Prezidentinə və xanımına Heydər Əliyev adına parkda inşa olunmuş Bayraq kompleksi barədə də məlumat verildi. Bildirildi ki, paytaxt Bakı ilə yanaşı, ölkəmizin bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Quba rayonundakı Bayraq kompleksi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Buradakı bayraq dirəyinin hündürlüyü 78 metrdir.
Qeyd olundu ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Uşaq Əyləncə Mərkəzi də inşa edilmişdir. Ümumi sahəsi 480 kvadratmetr olan kafedə yay və qış zalları fəaliyyət göstərəcəkdir.
AzərTAc