Dünyada ilk gözəllik yarışmasının keçirildiyi gün
19.9.2013

Bu gün dünyada ilk gözəllik yarışının keçirildiyi gündür.

Düz 125 il bundan əvvəl – 1888-ci ilin sentyabr ayının 19-da dünya tarixində ilk dəfə olaraq, gözəllik müsabiqəsi keçirilib.

Müsabiqənin final mərhələsində “Gözəllik kraliçası” titulu uğrunda 21 namizəd xanım mübarizə aparıb, qızlar isə finala münsiflər heyətinin üzvlərinə göndərdikləri şəkillər əsasında seçiliblər.

Bu gözəllik müsabiqəsini işıqlandıran Skandinaviya qəzetlərindən birinin əməkdaşının nəql etdiyinə görə, həmin yarışma kifayət qədər ciddi şərtlər əsasında təşkil olunubmuş. Müsabiqə iştirakçıları geniş auditoriya üçün naməlum qalmalı idilər. Buna görə də, ayrıca evdə yaşamalı idilər. Həmin evə kənar şəxslərin daxil olması qadağan edilmişdi. Yarışmaya isə qızlar xüsusi ekipajda gətirilirmişlər.

Yarışları izləməyə gələn kişilər müsabiqəyə xüsusi frakda, xanımlar isə uzun əlbisələrdə qatılırdılar. Müsabiqədə Qvadelupadan olan 18 yaşlı Berta Sukare qalib gəlib və ona 5 min frank məbləğində mükafat təqdim olunub.

Qeyd edək ki, beynəlxalq səviyyəli ilk gözəllik müsabiqəsi 1951-ci ildə Londonda keçirilib. Bu müsabiqədə xanımlar “Kainat gözəli” və “Dünya gözəli” titulları uğrunda yarışıblar.

SSRİ-də ilk gözəllik müsabiqəsi ilk müsabiqədən tam 100 il sonra – 1988-ci ildə təşkil olunub. Sponsor qismində isə jurnalları Rusiya bazarına yeni qədəm qoyan “Burda” konserni çıxış edirdi. Seçim turuna on minlərlə moskvalı qız qatılmışdı. Qələbəni isə 16 yaşlı Maşa Kalinina qazana bilmişdi.

Azərbaycanı isə beynəlxalq səviyyədə 1989-cu ildə Moskvada keçirilən “Dünya Gözəli” gözəllik yarışmasında ilk dəfə Karvan qrupunun üzvü, “Şərq nağılları” kompozisiyasında çıxış edən, “Asiya gözəli”, “Rusiya mətbuat gözəli” titullarına layiq görülən Xana Qalsanova təmsil edib.

“Dünya gözəli” titulunu isə Türkiyəni təmsil edən Məltəm Hakarar alıb.

Gün.Az