Ölkəmizdə ilk dəfə olaraq hind narı yetişdirən Göyçay sakini Rafiq Xəlilov bir çox xəstəliklərin dərmanı olan bu meyvənin bağını xeyli genişləndirmişdir.
Bağban Göyçayda 65 sort nar yetişdirmişdir. Dünyada hind narı kimi tanınan, türklərin “Qüdrət narı” adlandır yeni sort da bunlardan biridir.
R.Xəlilov demişdir ki, narın toxumları Hindistandan gətirilmişdir. Toxumlar əvvəlcə xüsusi qablarda yetişdirilmiş, sonra əldə olunan şitillər bağ torpağına köçürülmüşdür. Hazırda təsərrüfatda 70 ədəd hind narı ağacı vardır. Başqa sortlarla müqayisədə tez yetişən hind narı qeyri-adi görünüşə, dada və rəngə malikdir. Hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən böyükdür. Hind narı ötən il Göyçayda keçirilən nar bayramında nümayiş etdirilmişdir. Bu ilin noyabrında Göyçayda təşkil olunacaq növbəti nar bayramında hind narı ictimaiyyətə daha geniş şəkildə təqdim olunacaqdır.
Otuz ildən çoxdur ki, bağbanlıq edən R.Xəlilov öz təsərrüfatında 100-dən çox ağacın müxtəlif sortlarını yetişdirmişdir.
AzərTAc