Bu il ilk dəfə olaraq Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açıq havada təşkil ediləcəkdir
20.9.2013

Sentyabrın 23-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açıq havada təşkil olunacaqdır. Sərgi-yarmarkada 100-dən çox milli, həmçinin 40-dan artıq beynəlxalq nəşriyyat və təşkilatın, eləcə də səfirliklərin təmsilçiləri iştirak edəcəklər.
Bu barədə sentyabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında sərgi-yarmarka ilə bağlı keçirilmiş mətbuat konfransında məlumat verilmişdir.
Bildirilmişdir ki, kitab satışı və nümayişi üçün sahələr və bütün stend avadanlıqları iştirakçılara ödənişsiz veriləcəkdir. Sərgi-yarmarkada milli və beynəlxalq nəşriyyat evlərinə, kitab nəşri və yayımı ilə əlaqəli təşkilatlara, poliqrafiya müəssisələrinə, müəllif hüquqları qurumlarına müvafiq şərait yaradılacaqdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının qarşısındakı açıq ərazidə (Nizami küçəsi, 72-95) təşkil ediləcək sərgi-yarmarka Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur.

AzərTac