Qəbələ rayonunun Qala hissəsində aparılan arxeoloji qazıntılar zamanı tarixi əşyalar aşkar olunub. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyevin sözlərinə görə, ərazidə aparılan tədqiqatlar nəticəsində iki ədəd dulus kürəsi və onun avadanlığı, ağzında qurğuşun tıxacı olan içi dolu şar-konusvari formalı qab, üzərində şəxsi adlar, şeirlər yazılmış qablar, insan və heyvan təsvirli şirli və şirsiz qablar aşkar olunmuşdur. Ərazidə aşkar olunmuş maddi mədəniyyət nümunələri XI-XII əsrlərdə zəngin şəhər həyatından xəbər verir. “Qədim Qəbələnin Qala ərazisində Güllü tala və Səlbir ilə müqayisədə nisbətən daha uzun müddət (I-XVIII əsrlər) ərzində yaşayış olub. Şəhərin bu günədək mövcud olan ən möhtəşəm müdafiə tikililəri məhz Qala ərazisindədir. Orada mədəni təbəqənin, yəni yaşayış qatının qalınlığı bir sıra yerlərdə 5-6 metrə çatır”. 2011-ci ildə aparılan arxeoloji tədqiqatın əsas məqsədlərindən biri müxtəlif dövrləri əhatə edən mədəni təbəqələri aşkar edərək Qala ərazisində elmi ekspozisiyanı yaratmaqdır. 2009-cu ildə tədqiqatına başlanan 600 kv.m-lik sahə genişləndirilərək 1700 kv.m-ə çatdırılıb, hələlik iki mədəni təbəqə - son orta əsrlər (XIV-XVIII əsrlər) və orta əsrlər (IX-XIII əsrlər) təbəqələri öyrənilir.
Qeyd edək ki, arxeoloji qazıntılar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.