Sentyabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açılmışdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının qarşısındakı açıq ərazidə (Nizami küçəsi, 72-95) təşkil edilən sərgi-yarmarkada 100 yerli, 40 xarici olmaqla, ümumilikdə, 25 ölkəni təmsil edən çap və poliqrafiya müəssisələri, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edirlər.
Burada kitab satışı və nümayişi üçün sahələr və bütün stend avadanlıqları iştirakçılara ödənişsiz verilmişdir.
Sərginin davam edəcəyi müddətdə paytaxtımızda paralel olaraq həm Azərbaycan Milli Kitabxananın 90 illik yubileyi ilə əlaqədar tədbirlər, həm də 2 böyük nüfuzlu iclas keçiriləcəkdir. Bunlar Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasıdır. İclasa 65 ölkədən nümayəndə heyəti, milli kitabxana rəhbərləri qatılacaqlar.
Üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası işini sentyabrın 25-dək davam etdirəcəkdir.
AzərTAc