AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən görkəmli sahibkar, xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyev haqqında yeni kitab çap olunmuşdur.
“Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında” kitabın müəllifi muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.
“Ziya” nəşriyyatında çapdan çıxmış kitabda müasirlərinin Hacı Zeynalabdin Tağıyev haqqında xatirələri və oçerkləri toplanmışdır.
Nəşrdə görkəmli xeyriyyəçinin ilk bioqrafı olmuş Nəriman Nərimanovun, 1903-cü ildə çap edilmiş naməlum müəllifin, Nağı bəy Şeyxzamanlının müasirləri tərəfindən “millət atası” adlandırılmış Hacı Zeynalabdin Tağıyev haqqında oçerklərinin tam mətnləri verilmişdir. Burada, həmçinin dövrün görkəmli ziyalılarının onun fəaliyyəti, müsəlman dünyasında ilk qız məktəbinin açılışı və Mərdəkan bağçılıq məktəbinin təşkili ilə bağlı yazıları da oxuculara təqdim olunmuşdur. Nəşrin maraq doğuran məqamlarından biri də “H.Z.Tağıyev toxuculuq fabriki fəhlələrinin gözü ilə” və “H.Z.Tağıyev Bakı sakinlərinin xatirələrində” fəsilləridir. Müasirlərin görkəmli ictimai xadimə həsr etdikləri şeirlər də kitabda öz əksini tapmışdır.
Görkəmli xeyriyyəçi-mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdikdən xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaqdır.
Yaxın vaxtlarda MATM tərəfindən kitabın təqdimatı keçiriləcəkdir.
AzərTAc