Marşrutlarda kart sistemi 1 oktyabrda başlayır
24.9.2013

Oktyabr ayında artıq sərnişin avtobusları kart sistemi ilə işləyəcək.
Daha öncə məlumat verilib ki, ilin əvvəlindən etibarən Bakıda sərnişin daşıması ilə məşğul olan marşrut xətlərindəki avtobuslarda kart sisteminə hazırlıq aparılır.

Hazırda Bakıda 172 xətt üzrə 2000-ə yaxın avtobusda kart sisteminin işləməsi üçün aparatlar da quraşdırılıb.

Daha öncə bu sistemin may, sonra da avqust ayında istifadəyə veriləcəyi söylənilsə də bu vaxt uzandı.

Sistemin nə vaxt işə düşəcəyi ilə bağlı rəsmi qurumlar dəqiq heç nə söyləməsə də, sərnişin avtobuslarında apardığımız sorğu nəticəsində məlum oldu ki, sistem oktyabrın 1-də işə düşəcək.

Sürücülər sistemin oktyabrda işə düşməsi üçün artıq təlimlərin keçirildiyini də söylədi:

“Əvvəl bunu quraşdırıb çıxıb getdilər. Sistem haqqında heç nə də başa salmadılar. Amma bir neçə gündür bizi sistem haqqında məlumatlandırırlar. Hissə-hissə sürücülərə təlim keçirlər. Deyirlər ki, 1 oktyabrdan sonra marşrutlar kartla işləyəcək” – deyə, adını açıqlamaq istəməyən sürücü söyləyib.

Sürücünün sözlərinə görə, bundan sonra artıq plana görə deyil, maaşla işləyəcəklər:

“Biz indi planla işləyirik. Amma kart sistemindən sonra bizə 700 manat maaş verəcəklər”.

Məlumat üçün bildirək ki, avtobuslarda istifadə etmək üçün kartların qiyməti 2-3 manat olacaq. Onlar şəhərin müxtəlif yerlərində satılacaq.

gun.az