Oktyabrın 10-dan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına başlanılacaqdır.
Teatrın mətbuat xidmətindən bildirilmişdir ki, tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında hazırlanacaq eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimi, səhnə tərtibatı Əməkdar Rəssam İsmayıl Məmmədovdur.
Dramaturq Əli Əmirlinin “Hasarın o üzü” pyesi bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə əsəri kimi düşünülmüşdür. Dinə baxış, insan mənəviyyatı, əxlaqi prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq tamaşada əsas rolları xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva ifa edəcəklər.
Tamaşanın premyerasının bu ilin noyabr ayının sonunda keçirilməsi nəzərdə tutulmuşdur.
AzərTac