“Avropa İrs Günləri” rəngarəng proqramlarla yadda qalıb
30.9.2013

Azərbaycanda ilk dəfə olaraq Zaqatala rayonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Avropa İrs Günləri” layihəsi təntənəli şəkildə qeyd olunub.

Zaqatala rayon mədəniyyət evinin qarşısındakı meydanda “Avropa İrs Günləri” layihəsinə həsr olunmuş təntənəli bayram şənliyi keçirilib.

Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının, layihənin iştirakçısı olan Qax, Şəki Balakən və Zaqatala rayonların mədəniyyət və turizm şöbələri nümayəndələrinin, şəhər sakinlərinin iştirak etdiyi bayram şənliyində rayonların yaradıcı kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Şəki incəsənət məktəbinin xor kollektivinin, Zaqatala rayon mədəniyyət evinin rəqs kollektivinin, Qax rayon incəsənət məktəbinin rəqs kollektivinin, həmçinin Balakən rayonunun “Nənələr” və “Cahan” folklor kollektivlərinin çıxışları şənlik iştirakçılarında xoş ovqat yaradıb.

Tədbir iştirakçıları layihə çərçivəsində bu rayonlarda keçirilən rəsm müsabiqələrində qalib gəlmiş balaca rəssamların əsərlərindən ibarət sərgiyə baxıblar.

Daha sonra bayram iştirakçıları zurnaçılar dəstəsinin ifa etdiyi musiqinin sədaları altında şəhərin tarix-memarlıq üslubunda bərpa olunan Dədə Qorqud Meydanına yürüş edərək burada Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında maraqlı konsert proqramını izləyib.

Gün.Az