Sentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olmuşlar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva əvvəlcə 12 nömrəli xüsusi internat məktəbində oldular. Bildirildi ki, 1969-cu ildən fəaliyyət göstərən bu məktəbdə beyin iflici əlaməti olan uşaqlar təhsil alırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məktəbdə 2010-cu ildə əsaslı təmir işləri aparılmışdır. Burada respublikanın bütün bölgələrindən 6-14 yaş arasında 141 uşaq təhsil alır. Onlar daim həkim, psixoloq və loqoped nəzarətindədirlər.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsinə gəldilər. Leyla xanıma və Arzu xanıma məlumat verildi ki, düşərgədə 2013-cü ildə əsaslı təmir işləri aparılmış, həyətyanı sahə abadlaşdırılmışdır. Yeni, müasir stadion inşa edilmiş, hovuz yenidən qurulmuş, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək şərait yaradılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində də oldular. Məlumat verildi ki, 1930-cu ildə inşa edilən binada 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Qeyd olundu ki, burada 3 yaşa qədər 39 uşaq böyüyür. Onlar müntəzəm olaraq tibbi müayinədən keçirlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evində də oldular.
Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi. Bildirildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulan bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Burada 103 uşağın müalicəsi, təhsili və təlim-tərbiyəsi ilə 90-a yaxın tibbi, pedaqoji və xidməti işçi məşğul olur.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Cənubi Qafqazda ilk dəfə yaradılan Daun Sindromlu Şəxslərin Assosiasiyasında da oldular. Bildirildi ki, Assosiasiyanın əsas məqsədi daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasıdır. Assosiasiyanın nəzdində “Dəcəllər” teatrı, rəqs, rəsm dərnəkləri, aşpazlıq məktəbi də fəaliyyət göstərir.
Qeyd edildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaxın zamanlarda Nizami rayonu ərazisində Daun Sindromlu Şəxslərin Assosiasiyasının yeni binası istifadəyə veriləcəkdir.
AzərTAc