Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
Mərasimdə mədəniyyət xadimləri və xarici ölkələrin kino xadimlərini iştirak edib.
Tədbirdə öncə kino mərkəzinin önündə keçən əsrin 20-ci illərinə aid teatr səhnəcikləri oynanılıb. Məşhur filmlərimizdə istifadə edilən geyimlər və rekvizit nümunələri nümayiş olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz çıxışında milli kino tarixinə nəzər salıb. Çəkilən yeni filmlərdən danışıb. Bildirib ki, hər il dövlət sifarişi ilə kinostudiyada 5-7 film çəkilir.
Ə.Qarayev ölkədə keçirilən film müsabiqələrindən bəhs edib. Əlavə edib ki, bu ilin sonunda kinostudiyanın layihələndirmə işləri başa çatacaq:
“Kinostudiyanın təmirinə başlayacağıq. İstərdik ki, kinostudiya ən müasir kino mərkəzi olsun. Azərbaycanın yeni tarixi haqqında filmlər çəkmək kinostudiyanın qarşısında duran əsas vəzifələrdəndir”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova isə yubiley ili münasibətilə kino işçilərini təbrik edib. Əlavə edib ki, Kinematoqrafçılar İttifaqı adından 20 nəfər kino işçisinə pul mükafatları təqdim ediləcək.
Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edib. Söyləyib ki, kinostudiyanın nüfuzunu artırmaq üçün əlindən gələni əsirgəməyəcək.
Daha sonra tədbirdə Azərbaycan Simfonik Orkestrinin iştirakı ilə Azərbaycan xalq rəqsləri və solo musiqilər ifa edilib.
Gün.Az