Prokurorluq işçiləri peşə bayramını qeyd edir.
17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilib. F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olublar.
1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edilib.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçib.
1995-ci il Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb, onun statusunu müəyyənləşdirib.
Bu statusa uyğun olaraq “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli qanun, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid edib.
2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.
gun.az