Azərbaycanlı rejissor filmi Mannheim-Heidelberg Beynəlxalq kinofestivalında iştirak edəcəkdir
2.10.2013

Oktyabrın 30-dan – noyabrın 10-dək Almaniyanın Mannheim şəhərində Mannheim-Heidelberg Beynəlxalq kinofestivalı keçiriləcəkdir.
Beynəlxalq kinofestivalda Azərbaycanı rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi təmsil edəcəkdir.
Filmin rejissoru bildirmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilmişlər.
Gənc çölçü şəhər mühitindən uzaqlarda, təbiətin qoynunda, onunla sıx təmasda yaşayır. Atası çöl həyatının bütün incəliklərini ona öyrədir. Atasının ölümündən çox keçməmiş o, qəsəbədən gələn bir qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni bir səhifə, indiyədək tanımadığı yaşam tərzinə doğru atılmış böyük bir addımdır.
“Çölçü” bədii filmi indiyədək “Didor” V Beynəlxalq kinofestivalı (Düşənbə), MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın “Kinoşok” XXI açıq kino festivalı (Anapa, Rusiya), “Avrasiya” VIII Beynəlxalq kinofestivalı (Almatı), “Qaranlıq gecələr” XVI Beynəlxalq film festivalı (Tallin), 35-ci Qahirə Beynəlxalq film festivalı, “Qızıl pəhləvan” XXII Beynəlxalq kinofestivalı (Xabarovsk, Rusiya), XXIV Beynəlxalq kinofestivalı (Ankara) və 13-cü Tbilisi Beynəlxalq film festivalı, XXII Beynəlxalq “Qızıl Cəngavər” film festivalı, IX Kazan Beynəlxalq “Müsəlman kinosu” film festivalı, “Birlikdə” XIV Beynəlxalq Telekinoforum (Yalta) və digər kinofestivallarda iştirak etmiş və bir sıra mükafatlara layiq görülmüşdür.

AzərTac